Təəssüflər olsun ki, 15 iyulun səhəri də yüngüllük gətirmədi – qatı bulud, duman festivalın keçiriləcəyi düşərgəni tutmuşdu, hətta çadırlardan uzaqlaşmadan belə asanlıqla azmaq olardı. Bir anda, buludlar ehmalca açılan kimi, federasiyanın klublarının nümayəndələri, Alpinizm federasiyasından Respublika alpklubunun nümayəndələri, Active Media televiziya jurnalistlərinin dəstəsi və müxtəlif ölkələrdən gələn qonaqlarla birgə festivalın təntənəli açılışına başladıq. Əsasən festivalın işi təntənəli açılışdan sonra başlayır: düşərgənin qaydaya salınması davam edir, təşkilat komitəsi iştirakçıların qeydiyyatını aparır, bu və ya digər tədbirdə iştirak barəsində təkliflər və məlumatlar toplanılır, ərzaq və avadanlıqlar paylanılır. Bu işlər arası kəsilmədən yağan yağışın damcıları altında baş verir, yağış gah çoxalır (o zaman iştirakçılar çadırlara üz tuturlar), gah da demək olar ki, kəsilir, o zaman iştirakçılar dəstə-dəstə toplanaraq bir-biriləri ilə münasibət və ünsiyyət qurmağa başlayırlar... Yağışın damcıları altında yuxuya gedirik.
16 iyul.. Çadırların üstünə çırpılan yağış damcılarının adət etdiyimiz səsi altında oyanırıq.. Yağışa və dumana baxmayaraq düşərgədə həyat donub qalmayıb, səhər yeməyindən sonra – qoşa yarışlarda iştirak edəcək idmançıların püşk atması keçiriləcəkdir. Yarışın bu növündə iştirak etmək üçün 50 nəfərə yaxın idmançı müraciət etmişdir.
Yarışlar günorta saat 12-də başlayır. İlkin başlanğıc şərəfi qızlara nəsib olur. Demək olar ki, qiymətləndirmə məsafəsini hamı çətinliksiz başa vurur. Gürcüstandan gəlmiş zərif qonaqlar mükəmməl nəticələr göstərirlər. Kişilər üçün qiymətləndirmə startı başlanan andan yağış get-gedə daha da şiddətləndi. Havanın yaxşılaşmasına qədər fasilə elan edilir. Bütün hakim və iştirakçılar islanmış paltarlarını dəyişmək və nahar eləmək üçün çadırlara üz tuturlar. Yalnız 4 saatdan sonra yarışı davam etdirmək müyəssər olur. Bu vaxt yağan yağış yavaşıyır və xəfif əsən külək qayaları qurudur. Qiymətləndirmə yürüşləri digər ,daha mürəkkəb qoşa yarışların məsafələrində birinci yer uğrunda yarışacaq finalçıları (16 kişi və 8 qadın) təyin edir. Yarımfinal və final yarışları bütün düşərgəni toplayır. Bir-birinin ardınca iştirakçılar yüksək nəticələr göstərirlər.
Gərginlik artır, hətta idmançılardan bir neçəsi açıqdan-açığa ehtirasların belə qızışmasına hazır deyillər ,ona görə də bağışlanılmaz səhvlərə yol verir və hətta qayadan qopurlar. Yüksək alqışların sədaları altında nəhayət ki, qoşa yarışların qalibləri müəyyən olunur. Kişilər arasında keçirilən yarışın qalibi “Salavat” komandasının üzvü Orucov Tehran olur. İkinci yeri onun komandasının digər üzvü Yunusov Ceyhun və üçüncü yeri isə yarışlarda ilk dəfə iştirak edən heç kimin tanımadığı-Gəncədən Əliyev Seymur qazanır. Qızlar arasında keçirilən yarışlarda birinci yeri Bakı Dövlət Universitetinin tələbəsi İsrafilova Ella , ikinci yeri Qasımova Pərvin (Climb Club), üçüncü yeri isə İsrafilova Xanım (Salavat) tutmuşdur.
Axşama doğru yağış başlayır, lakin iştirakçılar yağışa baxmayaraq qurulmuş talvarın altında toplaşaraq gitaranın sədaları altında mahnı oxuyurlar. Beləcə, festival davam edir...
17 iyul.. Bütün gecə yağış yağır və vaxtaşırı şimşək çaxır. Yaxşı ki, uzaqdadır. Belə də ki, problemlər kifayət qədərdir: iştirakçıların bəziləri havanın imkanlarını nəzərə almayıblar - bəzilərinin çadırları su keçirir, bir qisminin yataq kisələri islanmış, şəxsi əşyalar və ayaqqabılardan danışmağa isə ehtiyac yoxdur. Səhərki duman “Heydər zirvəsi”nə yürüş planımızı puça çıxardır. Bu barədə çox götür-qoy etdikdən sonra iştirakçıların təhlükəsizliyini nəzərə alaraq festivalın proqramında dəyişiklik eləyirik. Bunun yerini doldurmaq üçün yeni başlayanlar yaxınlıqdakı adsız yüksəkliyə yürüş, təcrübəlilər üçün isə alpinist texnikasından istifadə olunmaqla mağaraların tədqiq təşkil olunur. Mağara düşərgənin yaxınlığındakı kiçik dağ çayı dərəsinin qaya divarlarında yerləşir. Ora düşmək üçün iplərdən istifadə edərək əsl alpinist enişi təşkil olunur.
Bir az sonra boulderinq üzrə qiymətləndirmə yarışları başlayacaq. Cəmi 30-a yaxın idmançı iştirak edəcəkdir. Qarşıda onlara mürəkkəb marşrutlar üzrə 4 qısa yolu (4 m yüksəklikdə) keçmək lazımdır. Lakin bütün iştirakçılar bunun öhdəsindən gələ bilmirlər, bəziləri sadəcə 1-2 marşrut qət eləyə bilirlər. Artıq kişilər arasında 8 yarimfinalçı və 4 qadın finalçı müəyyən olunur. Digər iştirakçılar tamaşaçı qismində qalırlar. Hakimlər daha 4 marşrut (daha mürəkkəb ) təklif edirlər. Qadınlar arasında bu marşrutlar üzrə qalib müəyyən olunur: 1 yer - İsrafilova Xanım (Salavat), 2 yer – İsrafilova Ella (BDU), 3 yer – Qasımova Pərvin (Climb Club) və kişilər arasında 4 finalçı. Qızlar öz gözəl və eleqant dırmanmaları ilə hamını sevindirir, baxmayaraq ki, hər şey qədərincə alınmasa da onların hər qələbəsini tamaşaçılar alqışlarla qarşılayırlar. Dörd idmançının da eyni ustalıq səviyyələrinin olmasına rəğmən nəticəni qabaqcadan söyləmək çətindir, istənilən hər birinin real olaraq qalib olmaq imkanı vardır. Burada da, dünənki gün kimi gərgin mübarizə səhvlərə və qopmalara gətirir və tamaşaçıların sırası yarışı başa vuran iştirakçılarla artır.
Kişilər arasında keçirilən final qısa və maraqlı oldu. İdmançılara iki mürəkkəb marşrut keçmək təklif olundu. Dörd nəfərdən yalnız biri hər ikisini keçə bildi. Yerdə qalanlar da buna yaxın oldular, hətta bəziləri də arzu olunan finiş qarmağına əlləri dəysə belə orada durmağa gücləri çatmadı. Ona görə də marşrutları gözəl və texniki keçə bilən qalib - Məmmədov Azad (RATK) tamaşaçıların alqışları ilə qarşılandı. İkinci yerin qalibi – Tahirov Murad (Climb Club), üçüncü yerin qalibi isə Səfərov Gülbala (Ekosport) oldu. Məmnun qalmış tamaşaçı və idmançılar dağılışaraq yarış nəticələrini müzakirə edir və havanın açıldığını müşahidə edir, uzaqda, dağların üzərində fantastik, aydın səpələnmiş göyqurşağını müşahidə edirlər.. Festival isə öz axarı ilə sonu çatır! Axşam, yaxşı havadan istifadə edərək festivalın bütün iştirakçıları improvizə olunmuş konsertə yığışır və lacivərd gecə ulduzları altında oxuyub - oynayırlar.
18 iyul.. Budur artıq bizim festival başa çatır. Səhər tezdən düşərgəni günəş işıqlandırır, göylər sonsuzluğa qədər mavidir, xəfif əsən yel elə bil ki, əvvəlki dörd günün ağır havasından əsər-əlamət qoymur. Yay yenə öz sözünü deyir. Ləvazimatlarımızı qurudub, çantalarımızı yığırıq. Saat 12-də - festivalın təntənəli bağlanışı, hədiyyələrin təqdimatı, qaliblərin mükafatlandırılması və iştirakçıların geri dönüşü.. Havanın yaxşılaşmasından istifadə edərək festival proqramının bir tədbirini də reallaşdırmaq qərarına gəlirik. Bir qrup idmançı xüsusi hidrokostyumda bodyraftinq ilə üzmək üçün Əlikçay dərəsinə enir. Bu ekstremal su idmanı növü praktiki olaraq Azərbaycanda tanınmır, lakin bizdə çox gözəl dağ çayları olduğu üçün bunun böyük gələcəyi vardır. Nə isə.. Festivalın bütün tədbirləri lentə alınmışdır. Güman edirik ki, yaxın gələcəkdə festival haqqında maraqlı film seyr edəcəyik.
|